Azərbaycan Şərq-Qərb ticarət yolunun inkişafı prosesindən maksimum bəhrələnmək niyyətindədir. Xüsusilə Rusiyanın Ukraynaya hücumuna görə üzləşdiyi sanksiyalar, Avropa İttifaqının Rusiya ərazisindən mal tranzitini qadağan etməyə hazırlaşması Azərbaycanın bu istiqamətdə fəaliyyətlərini aktivləşdirməsini tələb edir. Artıq Asiyadan Avropaya yükdaşımalarda Rusiya ərazisindən tamamilə imtina olunması perspektivi uzaq deyil və bundan yararlanmaq üçün alternativ marşrutların cəlbediciliyi mühüm rol oynayacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu perspektivi düzgün qiymətləndirməklə ölkə infrastrukturunun yükdaşımaların gözlənilən artımına hazırlanması üçün hökumətə zəruri tapşırıqlarını verib, artıq genişləndirmə istiqamətində real addımlar atılmağa başlanıb.
Asiyadan Avropaya yükdaşımalarda önə çıxan marşrut – Azərbaycanın həlledici rola malik olduğu Transxəzər Orta nəqliyyat dəhlizi üzrə işlərin fəallaşması fonunda Bakı yaxınlığında yerləşən Ələt dəniz limanının ötürücülük imkanlarının artırılması üçün layihənin icrasına başlanması mühüm əhəmiyyət kəsb edir.
AİZ-in uğurlu fəaliyyətinin təmini Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək. Bu layihə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolunun daha da artması, strateji əhəmiyyətinin güclənməsinə gətirib çıxara bilər. Eyni zamanda bu iqtisadi zonanın fəaliyyətinin genişlənməsi minlərlə yeni iş yerinin yaradılması, dövlət büdcəsi gəlirlərinin artması baxımından da mühüm əhəmiyyət kəsb edir.